Xaricdə Təhsil Haqqinda Ümumi Məlumat

Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Bu da təsadüfi deyil. Çünki hər bir ölkədə gedən bütün mənfi və müsbət proseslər insan amili ilə sıx əlaqədardır. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Məhz buna görə də qərb və yer kürəsinin digər qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni hədəflərə doğru irəliləmək üçün bu sahəyə birinci dərəcəli əhəmiyyət verirlər.

Həmyerlilərimiz pərakəndə şəkildə tarixinin müxtəlif çağlarında xaricdə təhsil almışlar. Planlı və məqsədyönlü şəkildə, dövlət səviyyəsində təhsil isə XX əsrin əvvəllərində , yəni Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə 1919-cu ildə 100 nəfərdən çox azərbaycanlı gəncin xaricə ali təhsil almağa göndərilməsi ilə başlanmışdır.

Bundan sonrakı illərdə də respublikadan kənarda təhsil almaq təcrübəsi mövcud olmuş, lakin bu, həm məzmun, həm də miqyas baxımından əhəmiyyət kəsb etməmişdir. Yalnız ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra bu sahədə, sözün əsl mənasında, dirçəliş başladı. Təsadüfi deyil ki, 1970-ci ildə respublikadan kənarda təhsil almağa göndərilən gənclərin sayı 70 nəfər idisə, 70-ci illərin sonunda 900 nəfər, 80-ci illərin əvvəllərində isə ildə 1000-1400 nəfər olmuşdur. Həmin dövrdə, ümumilikdə, 15 mindən çox gənc Sovetlər Birliyinin nüfuzlu ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil aldıqdan sonra Vətənə qayıdaraq, ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə öz layiqli töhfələrini verdilər.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra da bu məsələ yenidən diqqət mərkəzində olmuşdur. Elm və təhsil sahələrində tədqiqatçı, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almışdır. Bu proseslərin bir qismi dövlət sazişləri çərçivəsində tənzimlənir. Xarici ölkələrdə kadr hazırlığı məhz, Azərbaycanın xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarından əla istifadə bacarıqlarına yiyələnən və beynəlxalq təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacının qarşılanmasına xidmət edir. Xaricdə təhsilə olan ümummilli lider qayğısı bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Belə ki, Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-cı il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı imzalanmışdır. Prezidentimizin bu Sərəncamının beynəlxalq arenada da böyük rəğbət və hörməti var.

Xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, həm də Azərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdırlar.

Buna görə də xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaq üçün tələbələrin seçilməsi, ixtisaslarının müəyyənləşdirilməsi və onlara təhsil almaq üçün lazımi şəraitin yaradılması mühüm əhəmiyyətə malik olan məsələlərdir.

Azərbaycanın dövlət mənafelərini qoruyacaq yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə xaricdə təhsil proqramları mahiyyətinə görə müxtəlif formalarda həyata keçirilir:

öz imkanları hesabına xaricdə təhsil;

müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil;

dövlət xətti ilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdləri hesabına Təhsil Nazirliyi tərəfindən həyata keçirilən xaricdə təhsil;

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil.

Ümumiyyətlə, xaricdə təhsilin daha geniş yayılmış forması gənclərin birbaşa təhsil meəssisələrin müraciəti və müvafiq qəbul prosedurlarını keçdikdən sonra fərdi müqavilə əsasında təhsil almasıdır.

Eyni zamanda, müasir dövrdə gənclərimizin dünyanın qabaqcıl ali təhsil ocaqlarında təhsil alması prosesinin daha sistemli və səmərəli aparılmasını təmin edən Dövlət Proqramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli, 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.

Hazırda uğurla həyata keçirilən Dövlət Proqramı və eləcə də yuxarıda qeyd olunan digər təhsil formaları üzrə, demək olar ki, Avropa ölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və s. ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır.

“Dövlət Proqramı” çərçivəsində təhsil alan tələbələrin nəzərinə

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alanların nəzərinə çatdırırıq ki, yay tətili dövründə Azərbaycana qayıtdıqları zaman Təhsil Nazirliyində qeydiyyatdan keçərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Başa çatmış tədris ili üçün akademik göstəriciləri, o cümlədən müvafiq fənnlər üzrə qiymətlər barədə Azərbaycan dilinə tərcümə və notariat qaydasında təsdiq olunmuş arayış (transkript), aspirantura və doktorantura səviyyələrində təhsil alanlar üçün isə müvafiq ali məktəb tərəfindən verilmiş tədqiqatçının bir illik fəaliyyəti barədə Azərbaycan dilinə tərcümə və notariat qaydasında təsdiq olunmuş arayış;

2. Başa çatmış tədris ilini uğurla başa vurması və növbəti dərs ilində təhsilini davam etdirmək hüququnu qazanması haqqında Azərbaycan dilinə tərcümə və notariat qaydasında təsdiq olunmuş arayış (arayışda növbəti tədris ilinin başlanma və bitmə tarixləri qeyd olunmalıdır);

3. İstifadə olunmuş aviareyslərin minik talonlarını və sərhəd xidmətinin pasportlarındakı qeydiyyatı olan səhifənin surəti.

Bu sənədlər “Dövlət Proqramı” təqaüdçülərinin növbəti tədris ilində təhsil və yaşayış xərclərinin maliyyələşdirilməsinin davam etməsi üçün zəruridirlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma